Kibertəhlükəsizlik şirkəti Confiant cümə günü bildirib ki, hakerlər zəif qorunan iPhone-lardan kripto pul kisələrinin bərpa ifadələrini oğurlaya bilən zərərli proqramı yaymaq üçün saxta reklamlardan istifadə edirlər.
Kampaniyanı MoldyRoost adlandıran Confiant, mayın 12-dən noyabrın 17-dək bu kampaniya ilə əlaqəli ən azı 480 reklam domeni müəyyən edib. Reklamlar 47-dən çox ölkədəki istifadəçiləri hədəfləyib.
Confiant hesabatında bildirib: “Zəif qorunan iPhone-da MoldyRoost reklamının açılış səhifəsini yükləmək yoluxmaq üçün kifayətdir.”
Google Threat Intelligence mart ayında bildirmişdi ki, hakerlər saxta kripto saytlarına daxil olanları hədəfləmək üçün Coruna adlı alətdən istifadə edirlər. MoldyRoost eyni aləti kripto ilə əlaqəsi olmayan saytlarda yaymaq üçün reklamlar alıb. Həmin reklama toxunmaqla, zəif qorunan iPhone-da saxlanılan bərpa ifadəsi ələ keçirilə bilərdi.
Coruna Apple Notes-da cüzdanın bərpa ifadələrini axtara və yadda saxlanmış şəkillərdəki QR kodları oxuya bilər. Bərpa ifadəsini ələ keçirən oğru həmin sözlərdən istifadə edərək cüzdanı başqa cihazda aça və vəsaiti köçürə bilər.
Kampaniyada həmçinin cüzdan məlumatlarını oğurlaya bilən başqa bir alət — DarkSword-dan istifadə olunub. Google tədqiqatçıları da mart ayında bu barədə xəbərdarlıq etmişdilər.
Blokçeyn təhlükəsizliyi üzrə CertiK şirkəti noyabrın 6-da DarkSword barədə xəbərdarlığında iPhone istifadəçilərini proqram təminatlarını yeniləməyə, bərpa ifadələrini isə Notes, fotolar və ekran görüntülərində saxlamamağa çağırıb. Şirkət həmçinin tanımadıqları keçidlərə daxil olmamağı və böyük məbləğlər üçün aparat cüzdanından istifadə etməyi tövsiyə edib.
