
ABŞ Müdafiə Naziri Pit Hegset Vaşinqtonun Asiyadakı müttəfiqlərini tərifləyib, eyni zamanda Avropa tərəfdaşlarını öz təhlükəsizliklərini daha çox üstlənmək zərurəti barədə xəbərdar edib, Bloomberg cümə günü bildirib.
Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda Hegset bildirib ki, Tramp administrasiyası yalnız öz müdafiə potensialına investisiya qoymağa hazır olan müttəfiqlərlə əməkdaşlığa prioritet verəcək.
«Amerika vergi ödəyicilərinin səxavətindən bundan sonra da pulsuz istifadə edə biləcəyini düşünənlər — bizi diqqətlə dinləyin: bu zamanlar geridə qaldı», — deyə Hegset bildirib.
Hegset xüsusilə Asiya-Sakit Okean regionu ölkələrini, xüsusən də Cənubi Koreyanı, hərbi potensialını artıran və regional təhlükəsizliyə daha böyük töhfə verən müttəfiqlər nümunəsi kimi vurğulayıb.
Bu bəyanatlar, Tramp administrasiyasının müttəfiqlər üzərində regional təhlükəsizliyin təmin edilməsində daha böyük məsuliyyət götürmək və müdafiə xərclərini artırmaq tələbi ilə davam edən təzyiq fonunda səslənib.
Bloomberg qeyd edib ki, bu cür təzyiq ABŞ-dan daha az asılılıq fonunda Avropada müdafiə potensialının gücləndirilməsi barədə müzakirələri sürətləndirib.
Hegset, həmçinin ABŞ-Çin münasibətləri mövzusuna toxunub, amma çıxışında Tayvana birbaşa istinad etməməyə üstünlük verib. Bloomberg-in məlumatına görə, bu, son onillikdə Penatgon rəhbərinin Sinqapurdakı illik forumda çıxışında Tayvanı qeyd etmədiyi ilk haldır.
Tayvan Vaşinqton və Pekin arasındakı münasibətlərdə ən həssas məsələlərdən biri olaraq qalır. Prezident Donald Tramp bu ayın əvvəlində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə danışıqlardan sonra adaya 14 milyard dollar məbləğində təklif olunan hərbi yardım paketini hələ təsdiqləməyib.
Bu paket haqqında sual-cavab sessiyası zamanı Hegset bildirib ki, Tayvana gələcək silah tədarükü ilə bağlı istənilən qərarı Tramp verəcək.
Müdafiə naziri, həmçinin İranla bağlı vəziyyəti şərh edərək bildirib ki, danışıqlar Teceranın nüvə silahı əldə etməsinin qarşısını almağa imkan verməsə, ABŞ növbəti hərbi addımlara hazırdır.
«Bunun üçün ehtiyatlarımız daha çoxdur», — deyə Hegset bildirib və əlavə edib ki, ABŞ silahlı qüvvələri dünyanın müxtəlif regionlarında yaranan təhdidlərə reaksiya verməyə yaxşı hazırlanıblar.
Bloomberg bildirir ki, Trampın Yaxın Şərqdə və Karib hövzəsində keçirdiyi son hərbi əməliyyatlar, habelə müttəfiqlər üzərində müdafiə xərclərini artırmaq məqsədilə davam edən təzyiq ABŞ-ın dünyadakı hərbi öhdəliklərinə diqqəti artırıb.
İnvestorlar ABŞ müttəfiqlərinin müdafiə xərclərindəki tendensiyaları diqqətlə izləyir; bu, Avropa və Asiya-Sakit Okean regionunda hərbi texnika və müdafiə sistemlərinə tələbi dəstəkləyə bilər.